Azərbaycan rəhbəri nədənsə susurdular, bəzi məqamları əhalidən gizlin saxlayırdılar

18:38 - 15 Dekabr 2016 - KİVDF

Xalqımız üçün taleyüklü məsələyə laqeyd münasibət bəsləməsi isə ermənilərin daha da fəallaşmasına şərait yaradırdı

Heydər Əliyev yüksək dövlət vəzifəsindən və  MK-nin Siyasi Bürosunun üzvlüyündən rəsmi kənarlaşdırıldı. M.Qorbaçovun əvvəlcədən düşünülmüş siyasi gedişləri ermənilərin daha da güclü fəaliyyətə başlamasına geniş şərait yaratdı. Hətta Ermənistan KP MK-nin birinci katibi Dəmirçiyanı dostları tərifləyərək demişlər: "Biz əsas məsələni həll etməyi bacardıq. Heydər Əliyevi Qarabağ hərəkatına başlamazdan əvvəl vəzifədən uzaqlaşdıra bildik. Bu çox vacib idi".
Dostları ona görə Dəmirçiyanı təbrik edirdilər ki, Heydər Əliyevin siyasi məharətini və qətiyyətli bir tarixi şəxssiyyət olduğunu Dəmirçiyan dərk edirdi və onun Moskvada yüksək vəzifədə olmasından narahatçılıq hissləri keçirərək, ermənilərə müraciətdə belə demişdir: "Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli şəxs var: Atatürk və Heydər Əliyev. Onların ikincisi sağdır, bütün cəhdlərimizə baxmayaraq, o, çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, o, nə qədər sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərində yenidən onu Bakıya gətirəcək və bununla da bizim arzularımız puça çıxacaqdır". Erməni separatçı və millətçi qüvvələri Dağlıq Qarabağ uğrunda açıq mübarizəyə qalxaraq ilk dəfə siyasi metoda əl atdılar. 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti belə bir qərar qəbul etdi: "Azərbaycan SSR Ali Sovetindən və Ermənistan SSR Ali Sovetindən xahiş edilsin ki, Dağlıq Qarabağın erməni əhalisinin dərin hisslərini anlayaraq, DQMV-ni Azərbaycan SSR-in tərkibindən çıxarıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsini həll etsinlər.
Həm də SSRİ Ali Sovetindən xahiş edilsin ki, DQMV-ni Azərbaycan Respublikasından ayırıb Ermənistan Respublikasına daxil olması məsələsini müsbət həll etsin". Separatçı və millətçi ermənilər Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırıb Ermənistan Respublikasına qatılması üçün ilk mitinqi 22 fevral 1988-ci il tarixdə Yerevanın Teatr meydanında keçirdilər. Mitinqdə yüzə yaxın adam toplaşmışdı. Ertəsi gün isə, orada toplaşanların sayı 300 min olmuşdur. 25 fevralda isə, mitinqə 1 milyona yaxın adam toplanmışdır. Onların başının üstündə "Qa-ra-bağ" şüarları dalğalanırdı. Ermənilər Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq haqqında qərar qəbul etdikdən 2 gün sonra, qəzəblənmiş Ağdam şəhər əhalisi etiraz aksiyası keçirdi. Sonra isə onlar etirazlarını bildirmək üçün Stepanakert şəhərinə tərəf hərəkət etməyə başladılar. Əskəran şəhərinə çatarkən onların milislər və yerli əhali tərəfindən qarşıları alındı. Lakin buna baxmayaraq Əskəranda münaqişə baş verdi. Ermənilər iki azərbaycanlı gənci-Əli Hacıyevi və Bəxtiyar Quliyevi odlu silahdan atəş açaraq öldürdülər. Dağlıq Qarabağ uğrunda baş vermiş münaqişəyə və ermənilərin Əskəran şəhərində azərbaycanlı gəncləri güllələməsinə Moskvada M.Qorbaçov fevral ayının 26-dakı çıxışında münasibət bildirərək belə demişdir:  "Mən hər şeyi başa düşdüm, ancaq bir az gözləyin". Azərbaycan Respublikasında isə rəhbər vəzifələrdə olan şəxslər nədənsə susurdular, bəzi məqamları əhalidən gizlin saxlayırdılar ?! XX əsrdə SSRİ məkanında milli-etnik və sosial-siyasi münaqişələr Azərbaycan Respublikasında erməni separatçı və millətçi qüvvələrin antiazərbaycan, antiqarabağ hərəkətlərinə qarşı ciddi etirazlarını bildirdənlər ancaq xalq şairi Bəxtiyar Vahabzadə və tarixçı alim professor Süleyman Əlyarov olmuşdur. Onlar "Azərbaycan" qəzetində "Açıq məktub" dərc etdirərək bildiriblər ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub. Qarabağ ermənilərinin keçirdikləri kampaniya çox təhlükəlidir. Lakin əfsuslar olsun ki, erməni təbliğatçılarından fərqli olaraq azərbaycanlı şairin və tarixçi alimin etiraz səsi Bakıdan kənarda eşidilmədi. Azərbaycan Respublikasının o zamankı yüksək vəzifəli rəhbərlərinin susması və xalqımız üçün taleyüklü məsələyə laqeyd münasibət bəsləməsi ermənilərin daha da fəallaşmasına şərait yaradırdı. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verdi və birbaşa Moskvaya tabe olan xüsusi idarə yarandı. Xüsusi idarəyə isə, ermənipərəst əqidəli olan A.Volskini rəhbər qoydular. O da öz növbəsində ermənilərin antiazərbaycan fəaliyyəti üçün yaşıl işıq yandırdı. Sumqayıtda hadisələr Dağlıq Qarabağ münaqişəsi kontekstində Millətlərarası münaqişələr zəminində SSRİ-nin dağıdılması ideyalarını əməli həyata keçirməyə çalışan qüvvələr-M.Qorbaçov və bir sıra Qərbi Avropa ölkələri siyasətçiləri, o cümlədən də erməni separatçı və millətçi ünsürlər Dağlıq Qarabağ uğrunda başlanmış ümumilli erməni hərəkatına təkan verə biləcək güclü siyasi bir bəhanə əldə etmək üçün Azərbaycan Respublikası ərazisində antierməni iğtişaşları törətmək qərarına gəldilər və bunun üçün də ən əlverişli yer kimi Sumqayıt şəhərini seçdilər. 1988-ci il fevralın 27-29-da Sumqayıtda faciəli hadisələr törədildi. Həmin günlərdə şəhərdə törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak oldu, 400 nəfərdən çox adam bədən xəsarəti aldı, 200-dən çox mənzil talan edildi, 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sındırıldı, şəhərə o vaxtkı qiymətlərlə 7 milyon rubl və ya 10 mln. Amerika dolları məbləğındə maddi ziyan vuruldu. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən xüsusi cinayət işi açıldı, 444 nəfər məhkəmə qarşısında cavab verməli oldu, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanıldı, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri-Əhməd İman oğlu Əhmədov isə ən yüksək cəzaya-ölüm cəzasına məhkum olundu və hökm tez-tələsik yerinə yetirildi. Onu da demək lazımdır ki, ilk təməl daşı qoyulan gündən əhalisi çoxmillətli olan və hətta xarici ölkələrdə də xalqlar dostluğu şəhəri kimi tanınan Sumqayıt şəhərində törədilmiş münaqişənin səbəbi nə şəhərlə, nə də şəhər əhalisi ilə bağlı deyildir. Hadisələri törətməkdə əsas məqsəd azərbaycanlıları dünya ictimaiyyətinə barbar və zalım kimi tanıtmaq və ermənilərin onlarla bir yerdə yaşamalarının qeyri-mümkün olmasını bildirmək idi. Sumqayıtda törətdikləri faciəli hadisələrdən sonra ermənilərin təşkil etdikləri "Tiqran Mets", "David Sasunsk","Andranik", "Muş". "Qisasçılar", "Erməni məhkəməsi" və s. kimi terrorçu təşkilatlar Azərbaycan Respublikasının ərazisini münaqişələr meydanına çevirdilər. 1989-cu ildə Bakı-Tiflis yolunda hərəkət edən  "İkarus" avtobusunu partlatdılar. 1990-cı ildə Tiflis-Ağdam yolunda hərəkət edən avtobusu partlatdılar. 1990-cı ilin yanvar ayında M.Qorbaçov özünün SSRİ-ni dağıtmaq siyasəti ilə separatçı ermənilərin Dağlıq Qarabağ münaqişəsi kontekstində iki milyondan artıq əhalisi olan Bakı şəhərinə çoxsaylı hərbi qüvvələr yeritdi və vəhşicəsinə dinc əhalini qanına qəltan etdilər. Bakıda törədlimiş bu dəhşətli faciə nəticəsində 132 nəfər şəhid oldu, 700 nəfər yaralandı, çoxsaylı əhali itkin düşdü. 
Tarixi şəxsiyyətlərin böyüklüyü ondadır ki. onlar öz xalqlarının qayğıkeşi və təəssübkeşı olurlar. Onların ürəyi xalqın ürəyi ilə birgə vurur, xalqının faciəsini özünün faciəsi hesab edir.  M.Qorbaçov və digərləri tərəfindən yüksək siyasi vəzifələrdən kənarlaşdırılmasına baxmayaraq, Azərbaycan xalqının XX əsrdəki tarixi şəxsiyyəti Heydər Əliyev susmadı. O. özü və ailə üzvləri ilə birlikdə böyük təhlükə qarşısında qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gəldi və oraya toplaşanlar qarşısında ətraflı çıxış edərək baş vermiş faciənin səbəb və nəticələrini siyasi məharətlə təhlil etdi.
(ardı var)

Xəbər xətti