Prezident İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrini qəbul edib

16:02 - 12 Dekabr 2016 - Xəbər

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib."Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti Fransa Prezidenti Fransua Ollandın salamlarını dövlət başçısına çatdırıb. 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Fransua Ollandın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş edib.

Xəbər xətti