Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün işıqforların vaxt planı dəyişdirilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.
"Aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra, işıqforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq", - deyə müraciətdə qeyd olunub.