Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən təqdimata baxılıb.
Ucnoqta.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
13:51
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib.
Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.
Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.
Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində həbsini tələb edir.
Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.
Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.