Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib. Onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib
Ucnoqta.az xəbər verir ki, məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a bildirib ki, bu müəssislələr barədə çoxdan tədbir görülməli idi.
Onun sözlərinə görə, bu dönərxanaların əksəriyyəti indiyə kimi xeyli insanı zəhərləyib və ya müxtəlif xəstəliklərə yoluxdurublar:
"Eyni zamanda yalnız dönərxanadan yox, onlara verilən xammaldan danışmaq lazımdır. Dönər standart tələblərinə uyğun olaraq, sanitariya norma və qaydalarınaa riayət edilməklə, müəyyən edilmiş reseptlər üzrə hazırlanmalıdır. Dönərin hazırlanması üçün istifadə edilən, tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət edilməklə soyuducularda saxlanmalıdır. Təəssüf ki, bəzi dönərxanalarda nəinki sadalanan qaydalara, heç gigiyena qaydalarına da əməl olunmur. Ölkəyə gətirilən xarab, murdar ətlərin realizə olunma yerlərindən biri də dönərxanalardır".
E.Hüseynovun dediyinə görə, təəssüf ki, dövlət orqanlarının qəbul etdiyi standartlar ayaq altına atılır:
"Məlumdur ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub. Ancaq bu gün toyuq dönəri hər yerdə satılır. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib ucuz, murdar, hətta ölmüş heyvanların ətini alıb necə gəldi dönər hazırlayırlar. Ona görə dönərdən zəhərlənmə halları artıb”.
E.Hüseynov vurğulayıb ki, Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir:
“Məlumdur ki, dönərxana biznesi gəlirli sahələrdən biri hesab olunur. 5 il bundan əvvəl dövlət orqanları tərəfindən dönərxanaların fəaliyyətini tənzimləyən standart qaydalar qəbul olunub. Buna baxmayaraq, ölkədə cəmi 2 müəssisə dönərxana fəaliyyəti üçün nəzərdə tutulan standartlara cavab verir”.