Uşaqlıq dövründə olan leykemiya kəskin və ya xroniki növlərə bölünür

12:55 - 3 Aprel 2022 - Leykoz

Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir

Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir, böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəng növüdür. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yaşı 15 yaşından aşağı olan təxminən 215 min uşaq, yaşı 15-dən 19-dək olan 85 min uşaq xərçəng xəsəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir. Dünyanın əksər ölkələrində il ərzində hər milyon uşaqdan təqribən 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir. Ümumiyyətlə, leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzisi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

Uşaq xərçəngi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi  Nailə Babayeva bildirib ki, leykemiya uşaqlarda və yeniyetmələrdə ən çox rast gəlinən xərçəng növü sayılır. Onun sözlərinə görə, leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyidir və yetişməmiş qan hüceyrələrinin həddindən artıq çoxalması nəticəsində əmələ gəlir, “Leykemiya sümük iliyi xəstəliyinə aiddir, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur.  Onun yaratdığı fəsadlar müalicə edilmədikdə qısa vaxtda ölümlə nəticələnə bilər.  Amma digər bütün xərçənglərdə olduğu kimi yoluxucu deyil. Yəni eyni evdə yaşamaqla, eyni məktəbə getməklə, salamlaşmaqla və öpməklə yoluxmaz. Leykoz xəstələrinin maska taxmasına səbəb isə müalicə müddətində onların immunitetlərinin zəifləməsidir. Yəni həmin xəstələrin immuniteti zəif olduğuna görə infeksiyalar tənəffüs yolları ilə orqanizmə daxil olur.

Yalnız ailədəki digər övladlar oxşar genetik xüsusiyyətə malik olduğu üçün teoretik olaraq risk altındadırlar. Ancaq bu fikir sağlam uşağın leykemiya olma riskini artırmaz”.

Nailə Babayeva qeyd edib ki, uşaqlıq dövründə olan leykemiya kəskin və ya xroniki növlərə bölünür. Kəskin leykemiya sürətlə böyüyən, xroniki leykemiya isə daha yavaş inkişaf edən xərçəngdir. Leykemiyanın müalicəsi üçün digər bütün növ xəstəliklərdə olduğu kimi erkən və düzgün diaqnozun qoyulması vacibdir. Həmçinin leykemiyanın müalicəsi xəstəliyin növlərindən asılı olaraq müxtəlif ola bilər. Ümumi leykemiya əlamətləri və simptomları bunlardır: Qızdırma və ya titrətmə, ümumi zəiflik,, halsızlıq,, iştahasızlıq, baş ağrıları, sümük ağrısı və ya həssaslıq, hərarətin yüksəlməsi, asan qanaxma və ya göyərmə, təkrarlanan burun qanaması, dəridəki kiçik qırmızı ləkələr (petexiyalar), görmə pozuqluqları və s-lər.

Bu əlamətlərlə  müraciət edildikdə müayinədə qaraciyər və dalaq böyüməsi, linfa vəzlərində genişləmə müəyyən edilə bilər..
Nailə Babayeva qeyd edir ki, erkən və vaxtında aparılan diaqnostika bu xəstəliklərin müalicəsində mühüm rol oynayır.  Onun sözlərinə görə, leykemiya müalicəsi uşağınızın yaşından, xərçəngin bioloji xüsusiyyətlərindən və diaqnoz zamanı müəyyən edilən digər amillərdən asılıdır.

Qeyd edək ki, uşaqlarda dörd fərqli leykemiya var: Kəskin limfoblastik leykemiya 80%. kəskin miyeloid leykemiya (AML) 15%, xroniki miyeloid leykemiya (CML) 2%, yuvenil miyelomonositik leykemiya (JMMC) 1%. Göründüyü kimi bu leykemiyalar arasında ən çox rast gəlinən kəskin limfoblastik leykemiyadır.  Kəskin limfoblast leykemiya (KLL) sümük və sümük iliyini zədələyən xərçəng xəstəliyidir. Limfoblastlar və yaxud leykoz blastlar adlandırılan yetişməmiş ağ qan hüceyrələrinin həddən artıq yaranması ilə izah olunur. Bu hüceyrələr sümük iliyində toplanır və nəticədə iliyin normal qan hüceyrələrinin yaratmaq qabiliyyətinə təsir göstərir. Bu hüceyrələr sümük iliyindən ayrılaraq qan dövranı ilə bədənin bütün hissələrinə yayıla bilər. Bu hüceyrələr xəstə olduğundan normal fəaliyyət göstәrә bilmir və infeksiyadan qorunmaq və yaxud ona qarşı mübarizə aparmaq mümkün olmur. Qırmızı hüceyrələrin sayının çatışmazlığı və ilikdə əmələ gələn trombositlər (kiçik qan lövhəcikləri) qan azlığına səbəb olur və nəticədə qanaxma/zədələnməyə və dəridə göyərtilərə gətirib çıxarır.  Bu xəstəlik əsasən 0-14 yaş arası rast gəlinir. Əksər hallarda xəstəliyin  dəqiq səbəbi əsasən naməlum olaraq qalır, lakin buna səbəb olaraq qan hüceyrələrinin hərəkətinə nəzarət edən genlərin biri və yaxud bir neçəsinin mutasiyasının səbəb olması ehtimal olunur.

Nailə Babayeva bildirir ki, kəskin limfoblastik leykemiyanın əsas müalicə üsullarından biri kimyaterapiyadır. Müalicənin məqsədi ilkin olaraq leykemik hüceyrələri məhv etmək və xəstəlik əlamətlərini müvəqqəti olaraq zəiflətməkdən (remissiya) ibarətdir. Bu o deməkdir ki, qan və sümük iliyi leykemik hüceyrələrdən azad olur və normal qan hüceyrələri (eritrositlər) və qan lövhəciklərinin yaranması bərpa olunur. Remissiya prosesi həyata keçirildikdən sonra xəstəliyin hər hansı qalıqlarının aradan qaldırılması və leykemiyanın gələcəkdə təkrar əmələ gəlməsinin (təkrar törəmə) qarşısının alınması məqsədilə daha sonra kimyaterapiya üsulundan geniş istifadə olunur. Bu müalicə üsulunun yan təsirləri var. Beləki, xəstədə saçın tökülməsinə,  ürəkbulanma və qusmaya, iştahın itməsi, qəbizlik, ishal, qripə bənzər simptomlar, ağız yaraları, böyrək və sidik kisəsi problemləri, anemiya (azalmış qırmızı qan hüceyrələri) və ürəkbulanması kimi xoşagəlməz yan fəsadlar yaradır. Bu yan təsirlər insandan insana və kimyəvi maddədən kimyəvi maddəyə görə dəyişə bilər. Eyni xəstə üçün yan təsirlər kimyəvi terapiya müddətində də dəyişə bilər. Bu yan təsirlərin əksəriyyəti xərçəng xəstələrinin fiziki və emosional rifahını da təsir edir. Amma son vaxtlar xərçəngin kimyaterapiya yolu ilə müalicəsinin insan üçün daha az zərərli olan üsulunu kəşf edildiyi bildirilir. Bu yeni üsul qan damarının içərisinə kiçik bir süngərin yerləşdirilməsini nəzərdə tutur. Həmin süngər filtr kimi işləyərək, hədəfə alınmış şişə təsir etmiş kimyəvi preparatın qalıqlarını qandan təmizləyərək özünə hopdurur. Ekspertlərə görə, yeni müalicə üsulu kimyaterapiyanın xəstədə yaratdığı yan fəsadları aradan qaldırılacağına ümid verir.

Hələlik yeni üsul donuzların üzərində sınanıb, lakin alimlər yeni müalicə üsulunu insan üzərində də sınaqdan keçirmək istəyirlər.

Bundan başqa, onu da nəzərinizə çatdıraq ki, leykemiya xəstəliyi olan valideynlərdən sağlam uşaq dünyaya gələ bilər. Və ya əksinə, tam sağlam olan valideynlərin övladlarında leykemiya xəstəliyi yarana bilər.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti