Şimali Karolinadakı Türk Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd edilib

16:24 - 7 Noyabr 2021 - Cəmiyyət

ABŞ-ın Şimali Karolina ştatının Chapper Hill şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbalın təşkilatçılığı ilə Nobel mükafatçısı Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində baş tutub.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rəsmi qonaqlar, ABŞ-dakı Azərbaycan, Türk, yəhudi Pakistan icmalarının nümayəndələri, Azərbaycanın ABŞ-dakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Son illər müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da Azərbaycan diaspor nümayəndələrinin təşkilatlanmasında, yaşadıqları cəmiyyətə inteqrasiyasında, təhsil və sosial vəziyyətlərində irəliləyiş müşahidə olunduğu vurğulanıb.

Tədbirdə Nobel mükafatçısı Əziz Sancar, Apeks şəhərinin meri Jak Jilber, Türkiyənin Mayamidəki baş konsulu Burç Ceylan, Şimali Karolina Universitetinin professoru Əli Əsgərov, siyasi analitik Həmdi Rifai və başqaları çıxış ediblər.

Apeks şəhərinin meri Jak Jilber çıxışında Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, rəhbərlik etdiyi şəhərdə Azərbaycan icmasını hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyevin tapşırığı ilə Fuad Muradov Əziz Sancara təltif olunduğu “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu ona təqdim edib. Dünya şöhrətli alim mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, Şuşaya getmək və orada məsciddə namaz qılmaq arzusunu dilə gətirib.

Vətən müharibəsinə dair filmin nümayiş olunduğu tədbir bədii hissə ilə davam edib.


Xəbər xətti