Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirilib - FOTO

15:38 - 7 Noyabr 2021 - Xəbər

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər avtoyürüşü keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, aksiya Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə şəhərin Bruklin bölgəsində baş tutub.

Eyyub Sultan Mədəniyyət Mərkəzinin qarşısında başlayan Zəfər yürüşü Cadman Plaza Parka qədər davam edib. Soydaşlarımızın Azərbaycan, Türkiyə və ABŞ bayraqları ilə bəzədilmiş avtomobillərini Azərbaycan həqiqətlərini əks etdirən LED ekranli maşın müşayiət edib.

Daha sonra aksiya iştirakçıları Bruklin körpüsündən Nyu-Yorkun məhşur Uoll Strit küçəsində yerləşən Boulinq Qrin bağına yürüş ediblər. Burada keçirilən mitinqdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədr muavini Vaqif Seyidbəyov Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin tarxi önəmini vurğulayıblar. Tədbirin sonunda Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin sədaları altında iki ölkənin bayraqları ucaldılıb. 

Aksiyalarda “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” “Şuşa, sən azadsan!”, “Terrora yox deyirik!”, “Erməni yalanlarına dur de!” və digər şüarlar səsləndirilib.


Xəbər xətti