Qarabağ”ın kapitanı Rəşad Sadıqov mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, ilk olaraq çempionluq təəssüratlarını bölüşüb.
- Bütün “Qarabağ” ailəsini, azarkeşlərimiz təbrik edirəm. Bu dəfə bir az fərqli oldu, son 8 tur keçirilmədi. 20 oyunda yaratdığımız xal üstünlüyü, bizə çempionluğu gətirdi. Asan olmadı, avrokubok oyunlarımız var idi, daim gərginlik içində idik. Qərar veriləndə xal fərqimiz 8 idi və çempionluq bizim oldu. Bu, yaddaşlarda xüsusi qalacaq. İlk dəfə belə halla qarşılaşdıq. Qalan 8 oyunu da keçirmək istərdik. Qərara hörmətlə yanaşırıq. “Qarabağ” layiqli şəkildə çempionluğu qeyd edir.
- Karyeranızı bitirdiniz. Gələcəkdə nə olacaq?
- Futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdır, bu iş daha çox maraqlı gəlir. Məşqçi kimi karyeramı davam etdirəcəyəm.
- Qurban Qurbanov yanında qalmağınızı istəsə, eyni zamanda başqa klubdan baş məşqçilik təklifi alsanız hansını seçərsiniz?
- Qurban müəllim nə vaxt desə ki, yanımda ol, bu məsələ müzakirə olunmur. Son 20 ilin istedadlı futbolçularından hesab olunurdum. Ancaq onun rəhbərliyi altında oynayana qədər məqsədlərimə tam nail ola bilmirdim. Kayeramda olmasaydı, bəlkə 32 yaşımda futboldan gedərdim. Buna görə də ona minnətdaram. Çoxlarının inanmadığı vaxtda mənə dəstək oldu. 6 qrup mərhələsi, 7 çempionluğa onun rəhbərliyi altında nail oldum. Özümü Qurban Qurbanova borclu hesab edirəm. İstənilən bir yerdə də olsam, desə ki, gəl yanıma gələcəyəm. Müzakirələrimiz olacaq. Yanımda qal desə, qalacağam, digər təkliflər müzakirə olunmur, başqa heç bir təklifin önəmi olmayacaq.
- Karyeranızı bitirməyinizdə fiziki, yoxsa psixoloji məqamlar daha çox rol oynadı?
- Sadəcə, belə düşündüm ki, artıq bəsdir. Ciddi probmelərim yox idi. Özümü futbolsuz təsəvvür etmirəm, 50 yaşda da oynayacağam. Belə qərara gəldim ki, futboldan getməyin vaxtıdır. “Qarabağ”da daim yüksək səviyyədə olmaq lazımdır. Düşünürəm ki, hamı üçün xeyirlisi karyeramı bitirməkdir.
- Bundan sonra “Qarabağ”da lider kimi hansı futbolçunu görürsünüz?
- “Qarabağ”da yetərincə lider var. Bu sualla çox rastlaşmışam. “Qarabağ”ın heyətində Maksim kimi lider var, Qara var, əvvəl Riçard var idi. Çox oyunçunu qeyd edərdim. Yerlilərdən Qara ilə Maksim mən meydanda olanda, öz liderlik keyfiyyətlərini ortaya qoyublar. Bəzi futbolçularda bu məqam çox gözə girir, bəzilərində daha az – məşqdə, komanda pis gedəndə, soyunub-geyinmə otağında və s. Bunu Qara da edib, Maksim də edib, əvvəllər Almeyda da. İndi lider futbolçularımız var.
- Vida matçı olacaqmı?
- Əslində, mən buna çox meylli deyildim. Hər şey qaydasında olsa, istərdim. Həmişə daha çox “Neftçi”yə qarşı vida matçı keçirmək istərdim. Düşünürdüm ki, bir hissə onlarda, bir hissə “Qarabağ”da oynayaram. Məlum vəziyyətə görə alınmadı. Qismət beləymiş. İndi əsas vacib olan insanların sağlamlığıdır. Allaha dua edirəm ki, tezliklə bu problemi geridə qoyaq. Rəhbərlik mənə bildirdi ki, yoldaşlıq oyunu keçirək. Bu məsələ indi məni ciddi düşündürmür. Belə gediş də qane edir. Əsas odur ki, çempion olduq. Son ilimdə çempion olmaq istəyirdim. Komandanın nəticəsi mənim üçün ən önəmlisidir./// futbolpress.az