Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov Moskvadakı xəstəxanaların birinə aparılıb.
"Report"un "RİA Novosti"yə istinadən xəbərinə görə, məlumatı onun ailəsinin yaxın dostu verib.
O, Abdulmanap Nurməhəmmədovun özəl qurum tərəfindən paytaxtdakı xəstəxanaya aparıldığını bildirib.
Ailənin yaxın dostu bir neçə gün əvvəl ata Nurməhəmmədovla danışdığını deyib: "Hər şey yaxşı idi və sağaldığını söylədi. Mayın 3-də yaxın qohumu bizə zəng etdi və dedi ki, özünü pis etdiyi üçün Moskvaya aparılıb".
Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 26-da Dağıstanda xəstəxanaya yerləşdirilib. Onun hansı səbəbdən müalicə olunduğu məlum deyil.