"Yarışların bərpası yalnız iştirakçıların sağlamlığına zəmanət verən tövsiyələrə riayət etməklə mümkündür".
Bu fikirlər UEFA-nın Tibbi Komitəsinin rəhbəri Tim Meyerin koronavirus pandemiyası şəraitində çempionatların mümkün barpası ilə bağlı quruma hesabatında öz əksini tapıb.
Almaniyalı həkim bildirib ki, yarışlarını bərpa etməyi planlaşdıran bütün futbol qurumları iştirakçıların sağlamlığını qoruyan sanitariya şərtlərini təmin edən ətraflı protokollar hazırlayacaqlar: "Bu şərtlər altında və yerli qanunlara tam uyğun olaraq, şübhəsiz ki, yarışların yenidən başlamasını planlaşdırmaq olar", - T.Meyer deyib.
Qeyd edək ki, hazırda Avropada pandemiyaya baxmayaraq çempionatı davam edən yeganə ölkə Belarusdur. Fransa çempionatının vaxtından əvvəl başa çatdırılması ilə bağlı qərar qəbul olunub.
Azərbaycanda isə Premyer Liqanın mayın 23-dən etibarən qaldığı yerdən davam etdirilə biləcəyi bildirilib./report