İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola komandadan ayrılacağı barədə mətbuatda çıxan xəbərlərə münasibət bildirib.
"Report" "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis yayılan məlumatların əsassız olduğunu söyləyib. 49 yaşlı məşqçi deyib ki, "Mançester Siti" hətta 2-ci liqaya göndərilsə də, klubu tərk etməyəcək: "Növbəti mövsümdə hansı liqada oynamağımızdan asılı olmayaraq, burada qalacağam. Hətta bizi ikinci liqaya göndərsələr belə, qərarım dəyişməyəcək. İndi komanda ətrafında sıx birləşmək vaxtıdır".
Qvardiola ilə yanaşı, komandanın əsas futbolçularından Rahim Sterlinqin də "şəhərlilər"dən ayrılmayacağı dəqiqləşib.
"Mançester Siti"nin icraçı direktoru Ferran Soriano isə məşqçi və futbolçu heyətinə klub rəhbərliyinə inanmağı məsləhət görüb: "Sizə inandığımız kimi, siz də bizə inanın. Bu işin içindən birlikdə çıxacağıq".
Qeyd edək ki, maliyyə feyr-pley qaydalarını pozduğuna görə İngiltərə klubunun qarşıdakı 2 mövsümdə UEFA Çempionlar Liqası və Avropa Liqasında iştirakına qadağa qoyulub.