"Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Buna səbəb Premyer Liqa təmsilçisinin saxtakarlığa yol verməsidir. "Guardian" nəşri "şəhərlilər"in Maliyyə Feyr-Pley qaydalarını pozduğunu iddia edib. Araşdırma nəticəsində klubun 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər barədə yanlış məlumat yaydığı üzə çıxıb. UEFA həmin vaxt 49 milyon funt-sterlinq məbləğində cərimə kəssə də, klub qitə futbol qurumuna saxta sənədlərlə borcun bağlandığını çatdırıb.
Sponsorluq müqavilələrinin çoxu klubun sahibi şeyx Mansurun şirkətləri ilə əlaqəlidir. Bundan başqa, ingilislər 2012 və 2013-cü illər üçün bank hesablarına daxilolmalar barədə arayış təqdim etməyib. Həmin dönəmdə UEFA-nın bu iş üçün ayırdığı nümayəndələr isə sonradan istefa vermişdilər.
Hazırda məsələ ilə bağlı araşdırma davam edir. "Mançester Siti" təqsirkar bilinərsə, Çempionlar Liqasından kənarlaşdırılacaq./apasport