Gənc rəssam Nərmin Abdullayevanın yolu
Bu günün yetişməkdə olan gəncləri müasir dövrün yaratdığı imkanlardan maksimum dərəcədə istifadə edilər. Bütün dünyaya əllərindəki kiçik mobile telefon vasitəsi ilə əlaqə yaradır, okeanın digər başında baş verən proseslərdən xəbərdar olur, yaranan, yaşanan vəziyyətdən anındaca xəbərdar olurlar. Rahatlığa alışan gənclərin maraqları, istəkləri və arzuları belə dəyişib. Sosial imkanların hər şeyi rahatlıqla əldə etmək, istədiklərinə qısa zaman ərzində nail olma şansı yaratması sanki onlarda tənbəlləşmə mexanizmini daha da aktiv edib. Belə bir dövrdə isə örnək ola bilən gənclər yetəri qədərdir.
Onlardan biri də Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyanın şagirdi Abdullayeva Nərmin Emin qızıdır. O, 2006-cı ildə dünyaya gəlib, hazırda 13 yaşı var. Həyatının ən gözəl illərini yaşayan Nərmin asudə zamanlarında tanınmış rəssam, rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunan, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin əsərlərini özünə örnək götürür. Onun əsərlərinə baxaraq olduğu kimi çəkməsə də ona bənzətməyə cəhd göstərir. Deyir ki, onun əsərlərində milli ruh, tarix, mənəvi dəyərlərimiz, eyni zamanda bədii çalar baxımından çoxqatlı olması onun əsərlərinin eynisini çəkməyə vadar edib.
Gənc rəssamımız Günay xanımın əsərlərini uzun müddətdir ki, izlədiyini, əsərlərin dərin məzmuna malik olduğunu və məzmunun onun alt qatına varmağa çalışdığını bildirdi: “Günay Mehdizadənin əsərlərinin özünəməxsus gözəlliyi diqqətimi çəkirdi. Nəhayət sonunda qərara gəldim ki, Günay xanımın əsərlərini olduğu kimi çəkim. Evdə valideynlərimə belə bir istəyimin olduğunu dedikdə onlar da fikrimi dəstəklədilər. valideynlərimin də dəstəyini aldıqdan sonra Günay xanıma zəng vurub, belə bir istəyimizin olduğunu və əsərlərin müəllifi olaraq ondan icazə almaq istədiyimizi bildirdik. Müəllifin də razılığını aldıqdan sonra işə başladım. Bugünə qədər onun bir neçə əsərlərini çəkmişəm, bunlardan ən əsas olan iki əsər isə Novruz bayramına və Mustafa Kamal Atatürkə həsr olunmuş əsərlərdir.
Onun bu əsərində realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır. Mən də bu duyğudan yan keçə bilmədim. Sırf Günay xanımın əsərlərini seçərək olduğu kimi çəkməyə çalışıram. Sırf Günay xanımın əsərlərini seçməyimə səbəb isə onun həm özünü sevməyim, həm də əsərlərində milli ornamentlərə üstünlük verməsidir. Onun əsərlərində milli ruh, rəngarənglik, harmoniya öz əksini tapır. Təbii ki, bu da insana gözəllik və çalışmaq eşqi bəxş edir”.
A.Nərminin isə hələ həyatı qarşıdadır. O gələcək hədəflərindən danışarkən deyir ki, gözəl əsərlər yaratmaq onun əsas məqsədidir. İnsan qarşısına məqsəd qoyduqdan sonra ona doğru can atır, irəliləyir və nəticədə istəyinə nail olur: “Hədəflərim böyükdür, dizayner rəssam olmaq istəyirəm. Böyük nailiyyətlərə imza ataraq, ölkəmizi böyük əsərlərlə dünya miqyasında tanıtmaq istəyirəm”.
Yaradıcılığında müxtəlif janrlara geniş yer ayıran, tanınmış rəssam Günay Mehdizadənin isə bu məsələyə dair fikirlərini öyrəndik. Rəssam qeyd edir ki, gənclərin rəsm əsərlərinə meyl etməsi və belə bir həvəsə düşməsi təqdirəlayiq haldır: “Nərminin əsərlərimə müraciət etməsi, onu olduğu kimi çəkməyə çalışması gözəl haldır. Mənim heç bir halda etirazım yoxdur, əksinə gənclərin nəyisə öyrənmək istəmə mübarizəsinin olması onların bu həvəsləri alqışlanmalıdır. Bu yolda lazımdırsa mən də dəstək olmağa hazıram. Nərminə gəlincə isə, onun mənim əsərlərimə müraciət etməsindən xəbərim vardı.
Belə ki, onun valideynləri mənimlə əlaqə saxladılar. Mən də məmnuniyyətlə razılıq verdim. Təbii ki bu, mənim də marağımı çəkdi, Nərminlə tanış oldum. Çox səmimi və istedadlı qızdır. Təbii ki mən onu dəstəkləyirəm. Bu barədə xoş təəssüratlarım var. Nərminin mənim repertuarımdan müraciət etdiyi əsərləri mən də bəyənirəm. Həm də mən vətənpərvər ruhunda olan, milliliyimizi qoruyan mövzu ilə bağlı hər zaman gənclərə dəstək olmuşam. Bu missiyamı hər zaman da davam etdirəcəyəm. Gənclərə bu yolda dəstək olmağa çalışıram, çünki onlar bizim gələcəyimizdir. Gələcək isə bu gündən başlayır”.
G.Mehdizadə deyir ki, Nərmin onun iki əsərinə müraciət edib və çəkdiyi əsərlər çox qənaətbəxşdir: “Tam olaraq Nərmin mənim iki, əsərimi olduğu kimi çəkib. Bu əsərlərdən biri “Novruz”, digəri isə Türkiyə Cümhuriyyətinin lideri, birinci prezidenti olan Mustafa Kamal Atatürkə həsr etdiyim “Modern Türkiyə” əsəridir. Bu çox qəliz bir əsərdir. Nərminin bu qədər çətin bir əsəri kopya etməsi hətta məni təəccübləndirdi. Bunu Türkiyə Cümhuriyyət günü anası mənə göndərdi. Nərmin özü göndərməyə utansa da, amma həmin əsərin mənə göndərilməsini istəyib. Qeyd edim ki, bu rəsmin məhz 29 oktyabrda Cümhuriyyət günündə göndərilməsi isə məni ayrıca sevindirdi. Çünki bilirsiniz ki, mənim əsərlərim Türkiyədə Atatürkün Muzeyində və digər muzeylərdə var. Ona görə də bu məni çox sevindirdi”.
Əgər gənclər öz üzərində çalışır, çabalayır və əsl sənətlə özünü dünyaya tanıdan sənətkarlardan örnək götürülərsə demək ki, gələcəyimiz əmin əllərdədir.
Könül Oruc