Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər daxildir.
Toplantıda qırxa yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir “Gələcək üçün məsuliyyət” devizi altında keçirilir.
Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir.
Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə “STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.
Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, energetika naziri Pərviz Şahbazov, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin rəhbəri Mustafa Gültəpə və başqaları çıxış ediblər.
İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunur.Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir.
Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.