Ədalət mühakiməsi pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir

18:28 - 17 Yanvar 2019 - KİVDF

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.
Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır.

Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə əsaslanaraq bir qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli və sübutlar əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. 
Mülki Prosessual Məcəllənin 437.maddəsinə görə, belə ərizəyə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir Bu maddənin 2-ci bəndinə əsasənməhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir: ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə, ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);. bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda, ərizənin rədd edilməsi haqqında;. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.
Bu Məcəllənin 437.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz. Maddənin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir. Lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.

Məcəllənin 435-ci maddəsilə isə yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmunu tənzimlənir. Bildirilir ki, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə  barəsində mübahisə edilən aktın dəqiq göstərilməsi; ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi; ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələrinin göstərilməsi; qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər göstərilməlidir.  Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432-ci maddəsində göstərilən sənədlər əlavə olunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki mühakimə icraatında iştirak edən şəxslərin mülki prosesdə obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm  vasitələrindən biri də hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipinin mövcudluğudur. Bu prinsipin əsasını Konstitusiyanın 127-ci maddəsinin II hissəsi təşkil edir və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsinə şərait yaradır, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur. Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinin (O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə) tələbinə görə, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmiş hakimin həmin iş üzrə təkrar iştirakına yol verilmir.

Qanun hakimin işə baxılmasında təkrar iştirakı imkanını istisna edən mühüm qaydanı müəyyənləşdirir. Belə qaydanın müəyyən edilməsi hakimin işə dair qeyri obyektiv mövqeyinin formalaşmasının mümkünlüyü ilə bağlıdır. Bu isə tərəflərin öz hüquqlarını həyata keçirməsinə neqativ təsir göstərə bilər. 
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki prosessual qanunvericilikdə əksini tapan hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipi isə hakimin obyektivliyini təmin edən vasitələrdən biridir.

Qeyd edək ki, məcəllənin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar tənzimlənir.  Bu maddədə bildirilir ki,  hakimin işə baxılmasına o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə,Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə yol verilmir.

 Hakim əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər.:
Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.  Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 

 

Xəbər xətti