Bakıda kafelərin birində müştərilərə oxatan kirpi əti verilib.
Ucnoqta.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək "yotube"a yüklənib. Görüntüdə onlar kirpi kababının dadlı olduğunu deyirlər.
Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.
Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı "Qırmızı kitab"a salınıb. Biz də araşdırıb, videonun çəkildiyi kafeni tapdıq. Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər. Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.