Həbs edilənlər məsuliyyətsiz və səhv hərəkət etdiklərini və cəzasını çəkməyə hazır olduqlarını deyiblər
Bakıda körpünün altında yolu kəsən toy karvanının videosu yayılmışdı. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Ucnoqta.az-a məlumat verib ki, artıq həmin şəxslər aşkar olunaraq məsuliyyətə cəlb edilib. "Artıq 7 avtomobil aşkar edilib. 5 nəfər sürücü həbs edilib. İki nəfər sürücü isə hazırda Nərimanov rayon məhkəməsindədir. Digər 5 nəfər isə şampan partladan və fişəng atanlar da məsuliyyətə cəlb edilib. Həbs edilən sürücülər bir il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər."
Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.
Jurnalistlər qarşısında müsahibə verəb sürücülər qısa müddətdə dayandıqlarını bildirməklə məsuliyyətlərini azaltmaq istədilər. Lakin Vaqif əsədov bildirdi ki, cəmi 10 saniyə dayanaraq yolu bağlamaq yüzlərlə sürücünün 25 dəqiqə tıxacda qalmasına səbəb olur. “Təsəvvür edin ki, həmin tıxacda təcili tibbi yardım avtomobili var və sizin bu məsuliyyətsiz hərəkətiniz xəstənin ölümünə səbəb olur.”
Sonda sürücülər onlara verilən cəza ilə razılaşdıqlarını bildirdilər. Qeyd etdilər ki, məsuliyyətsiz və səhv hərəkət ediblər və cəzasını çəkməyə hazırdırlar. Hətta onlardan bir neçəsi digər müraciət edərək digər sürücüləri bu cür halları təkrar etməməyə çağırdılar.
Qeyd edək ki, bir qrup şəxs gecə saatlarında körpünün altında yolu kəsərək şampan partladır, fişəng atır oynayaraq toyu qeyd edirdilər. Nəticədə digər sürücülər tıxacda qalmışdı.