Ədib deyəndə o ədəbiyyat adamı başa düşülür ki, qələmindən çıxan hər söz milli ədəbi zövqün inkişafına xidmət elədiyi kimi, hər fikir, mülahizə, mühakimə də millətin intellektual tərəqqisinə təkan versin. Və hər bir böyük ədib, eyni zamanda, öz xalqının mütəfəkkiri olduğundan onun idealları zaman- zaman vətənin qabaqcıl övladlarının şəxsində mənimsənilərək bütövlükdə millətin mənəvi sərvətinə, özünüdərk (və özünütəsdiq!) enerjisinə çevrilir.
Azərbaycan xalqının XX əsrin sonlarında qazandığı müstəqillik, heç şübhəsiz, bir neçə yüzillik tarixi olan milli azadlıq ideallarına, bu idealların həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib daha məqsədyönlü xarakter almasında, bu və ya digər dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən başlayaraq sürətlənən ictimai- siyasi, mənəvi-mədəni və ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa doğru yol göstərmək missiyasını mütəvaze bir məsuliyyətlə yerinə yetirən ziyalı-mütəfəkkirlər yetişmişdir ki, onlardan biri də böyük ədibimiz Mir Cəlal Paşayev olmuşdur.
Mir Cəlal öz taleyi ilə Azərbaycanın Şimalı ilə Cənubunun ümummilli bütövlüyünün təbii simvoludur…
1908-ci ilin aprel ayının 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində dünyaya gəlmiş, lakin dövrün təlatümləri (və özünün taleyi) onu hələ uşaq yaşlarında Şimali Azərbaycana – Gəncə şəhərinə gətirib çıxarmışdı. 1920-ci illərdə Gəncədə orta, orta- ixtisas təhsili almış, bir neçə il müəllim- məktəb direktoru işləmiş, 1930-1932-ci illərdə Qazan Pedaqoji İnstitutunun Dil- ədəbiyyat fakültəsində oxuduqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur.
1930-cu illərdə Mir Cəlal həm publisist, həm yazıçı, həm də ədəbiyyatşünas- alim kimi məşhurlaşmış, ali məktəblərdə dərs demiş, maraq dairəsinin (və yaradıcılıq imkanlarının) genişliyini əks etdirən “Sağlam yollarda” (1932), “Boy” (1935), “Dirilən adam” (1935), “Bostan oğrusu” (1937), Axundun iştəhası” (1938), “Gözün aydın” (1939), “Bir gəncin manifesti” (1940), “Füzulinin poetik xüsusiyyətləri” (1940) və s. kitabları nəşr olunmuşdur.
Mir Cəlal yaradıcılığının (və milli ideal axtarışlarının) ikinci dövrü 1940-cı illərin əvvəllərindən başlayıb 1950-ci illərin sonlarına qədər davam edir. Və bu illərdə o, əvvəlki dövrdəki yaradıcı fəaliyyət çoxşaxəliliyini daha da dərinləşdirib mükəmməlləşdirir, “Xalqın ürək sözü” (1941), “Vətən hekayələri” (1942), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Yaşıdlarım” (1948), “Təzə şəhər” (1951), “Sadə hekayələr” (1955), “Seçilmiş əsərləri” (I cild, 1956; II cild, 1957), “Yolumuz hayanadır” (1957), “Füzuli sənətkarlığı” (1958) və s. kitablarını nəşr etdirməklə müasir milli ədəbi, elmi və ictimai fikrin canlı klassiklərindən biri kimi böyük nüfuz qazanmış olur.
1947-ci ildə müdafiə etdiyi “Azərbaycanda ədəbi məktəblər” mövzusundakı doktorluq dissertasiyası isə vəfatından çox sonra (2004) T.Mütəllimov tərəfindən yayımlanmışdır.
Və görkəmli ədibin həyatının, yaradıcılığının üçüncü dövrü 1960-cı, 1970-ci illəri əhatə edir ki, həmin illərdə bu gün “Mir Cəlal müəllimin kafedrası” adlanan ADU (indiki BDU) Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş (1961-1978), əməkdar elm xadimi adına (1969), bir sıra dövlət mükafatlarına, orden-medallara layiq görülmüş və “İnsanlıq fəlsəfəsi” (1961), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Seçilmiş əsərləri” (I cild, 1967; II cild, 1967; III ciild 1968; IV cild, 1968), “XX əsr Azərbaycan ədəbiyyatı” (1969, F.Hüseynovla), “Ədəbiyyatşünaslığın əsasları” (1972, P.Xəlilovla), “Şəfəqdən qalxanlar” (1972), “Klassiklər və müasirlər” (1973), “Silah qardaşları” (1974), “Dağlar dilə gəldi” (1978) və s. kitabları işıq üzü görmüşdür.
Mir Cəlal yaradıcığının, eləcə də milli ideal axtarışlarının dövrləri həm də ümumən Azərbaycan ictimai fikrinin müvafiq dövrlərinə uyğundur ki, bu, heç şübhəsiz, mütəfəkkir ədibin taleyinin mənsub olduğu xalqın taleyi ilə nə qədər bağlı olmasının bilavasitə təzahürüdür.
O, yaradıcılığa publisistika ilə başlamış, xüsusilə 20-ci, 30-cu illərdə “yeni həyat” uğrunda “bütün cəbhə boyu” qızğın ictimai- siyasi mübarizənin gənc intellektuallarından olmuşdur. “Lenin komsomolu”nun önündə gedən bu “intellektual”lar, bir tərəfdən, sosializm quruculuğunun ideoloji əskərləri idilərsə, digər tərəfdən də, milli dilin, ədəbiyyatın, tarixin (ümummilli ruhun!) təəssübkeşləri olmaqla əmin idilər ki, sosializm – “yeni həyat” Azərbaycan xalqına işıqlı gələcək vəd edir. Və kommunist ideologiyasının, demək olar ki, tamamilə iflasa uğradığı, bu ideologiyanın “şah əsəri” olan Sovetlər Birliyinin dağıldığı müasir dövrdə belə, nə qədər paradoksal görünsə də, həmin gənclərin ideallarına, eləcə də bu idealları uğrunda mübarizələrinə haqq qazandırmaq lazım gəlir. Hər şeydən əvvəl ona görə ki, hələ XIX əsrin əvvəllərindən Azərbaycanın həm Şimalında, həm də Cənubunda cücərməyə başlayan, həmin əsrin ortalarından etibarən tədricən bütöv bir hərəkata çevrilən, XIX əsrin sonu – XX əsrin əvvəllərindən isə ciddi siyasi-ideoloji mahiyyət kəsb edən milli özünüdərk (və müstəqillik) hərəkatı özünün müxtəlif tərəflərilə bilavasitə varisliyini bu ideallarda, bu mübarizələrdə (və bu intellektual gənclikdə!) davam etdirməyə məhkum idi… Əgər 20-ci, 30-cu illərdə formalaşmış (və kifayət qədər nüfuzlu şəxsiyyətlərlə təmsil olunan) həmin ziyalılar nəsli olmasaydı, Azərbaycan xalqının sonrakı onilliklərdəki ictimai-siyasi (və ideoloji) taleyinin necə olacağını təsəvvür etmək, görünür, o qədər də çətin olmazdı.
20-ci illərdə müxtəlif mətbuat orqanlarında aktual mövzularda analitik məqalələri çap ediləndə Mir Cəlal, təbii ki, çox gənc idi. Ancaq həm sürətlə qazandığı şəxsi həyat təcrübəsinin qeyri-adi zənginliyi, həm fitri dünyagörüşü (və yaradıcılıq istedadı), həm də əlinə qələm aldığı ilk illərdən rəhbər tutduğu peşəkarlıq məsuliyyəti onun yazılarının istər ideya-məzmununa, istərsə də ifadə-üslubuna əhəmiyyətli təsir göstərmişdir.
Mir Cəlalın elə ilk gənclik illərində formalaşmağa başlayan milli ideallarının əsasında mənsub olduğu xalqın hərtərəfli inkişafı, müasir dünyanın heç bir xalqından geri qalmaması, mövcud potensial imkanlarına dayanaraq ən müxtəlif sahələrdə tezliklə tərəqqiyə nail olması kimi kifayət qədər aydın, zahirən hətta sadəlövh görünə biləcək bir konsepsiya dayanır. Lakin nəzərə alsaq ki, bu konsepsiyanın (ümumilikdə isə idealların!) “həyata keçirildiyi” 20-ci, 30-cu, eləcə də 40-cı, 50-ci illərdə nə faciələr baş vermiş, milli ruhlu ziyalıların başına hansı oyunlar gəlmişdir, onda məlum olur ki, məsələ nəinki sadədir, əksinə, təsəvvür edildiyindən də çox-çox mürəkkəbdir.
Etiraf olunmalıdır ki, Azərbaycan xalqı 20-ci, 30-cu illərə, Şərq və ya Qərb ənənələri ilə yetişmiş tək-tək dünyaşöhrətli dahilərini nəzərə almasaq, bütövlükdə orta əsrlər həyat (və təfəkkür!) tərzi ilə gəlib çıxmışdı. Ona görə də çoxlarının nəinki dünyadan, heç Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə kimi yeni dünyagörüşlü milli ziyalılardan da xəbəri yox idi. Sovet hakimiyyəti isə ölkədə ana dilində məktəblər açır, hər kəsə təhsil verir, get-gedə həddini aşıb ateizmə gəlib çıxsa da mövhumatın qarşısını alır, nəticə etibarilə üzərinə millətçilik damğası vursa da ilk mərhələlərdə milli şüurun inkişafına təkan verirdi.
Və bu paradoksal inkişaf Azərbaycan xalqını uzun illər “müstəqillik”lə “qeyri- müstəqillik” arasındakı hansısa “qeyri- müəyyən bir zaman”da saxlasa da, həqiqi müstəqillik eşqinin odunu söndürə bilmədi. Əksinə, kütləvi savadlanma, ölkədə istər orta, istərsə də ali təhsil imkanlarının o vaxta qədər görünməmiş sürətlə (və miqyasda) genişlənməsi, elmin, mədəniyyətin, hər sahədə müasir texnologiyaların inkişafı, mövcud (və məlum) ideoloji təzyiqlər davam etsə də, milli idealların daha mükəmməl şəkildə təzahürü üçün ciddi (və kütləvi) intellektual zəmin hazırladı. 20-ci, 30-cu illərin gəncləri olan Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev… kimi Mir Cəlal da 40-cı, 50-ci, eləcə də 60-cı, 70-ci illərdə azərbaycançılıq ideologiyasının sağlam əsaslarda yenidən təşəkkülünə, müəyyən diplomatik mübarizə təcrübəsi qazanmasına həlledici təkan verdilər.
Mir Cəlalın milli ideallarını ideya-məzmun tərkibi və ya strukturu etibarilə təsnifə cəhd etsək, diqqəti ilk növbədə cəlb edən (və böyük ədibin yaradıcı dünyagörüşündə daha mühüm yer tutan) mətləblər aşağıdakılardan ibarətdir:
1) milli tərəqqi;
2) milli müstəqillik;
3) Azərbaycanın Şimalı ilə Cənubunun milli- mənəvi bütövlüyü;
4) milli mədəni irsə sahiblik;
5) milli dilin saflığı;
6) milli ailə ukladının qorunması;
7) gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi.
Əlbəttə, bunlar Mir Cəlalı düşündürən (və uğrunda bütün həyatı boyu ardıcıl mübarizə apardığı) ideya-mətləblərin hamısı deyil, ancaq göründüyü kimi, çox geniş bir sahəni əhatə etməklə vətənpərvər (və insanpərvər-humanist) bir mütəfəkkirin milli maraq dairəsini təsəvvür etməyə imkan verir.