Oğurluq etdiyi evin sahibini öldürüb həyat yoldaşına xəsarət yetirən şəxsin məhkəməsi başladı
18:01 - 25 Aprel 2018 - HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda oğurluq və qətl törətməkdə təqsirli bilinən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Məhkəmədə ifadə verən Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayəti etiraf edib.
Daha sonra zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verib.
Növbəti proses mayın 2-də davam edəcək.
İttihama görə, ötən il avqustun 25-də Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq öldürüb.
Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.
Zeynəb Sərxanova xəstəxanaya yerləşdirilib.
Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Əliyev tərəfindən törədilməsi müəyyən edilib.trend