Qaxda 5 yaşlı uşağı avtomobil vurub
23:08 - 24 Aprel 2018 - HADİSƏ
Qaxda 5 yaşlı uşağı minik avtomobili vurub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17 radələrində rayonun Oncallı kəndi ərazisində baş verib. Oncallı kənd sakini Elvin adlı şəxs idarəetdiyi «VAZ 21064» markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə yolun kənarı ilə hərəkət edən kənd sakini 2013-cü il təvəllüdlü Cavid Xəyyam oğlu Cabbarovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Cavid Cabbarov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya verilən məlumata görə, Cavid Cabbarova qapalı kəllə-beyn travması diaqnozu qoyulub. Cavid Cabbarova xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.