Əmək müqavilələri sərbəst bağlanılır

18:25 - 24 Aprel 2018 - KİVDF

Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun mənbələri adlanır

Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir. Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud ola bilər. Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir. Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas prinsipləri müəyyən edilib. Konstitusiyanın 35-ci maddəsi əmək hüququnu tənzimləyir. Bu maddədə bildirilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.  Bu maddənin 3-cü bəndində bildirilir ki, heç kəs zorla işlədilə bilməz. 4-cü maddədə isə qeyd edilib ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Bundan başqa 35-ci maddədə bildirilir ki, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hәrbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.  İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Konstitusiyanın 35-cimaddəsindən başqa 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-cu (azad sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli əmək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir. Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərinhüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi yer tuturlar.  Ümumiyyətlə, əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub. Işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlıərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salanhüquqi normalarə məcmusudur.

Qeyd edək ki, əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Onların bağladığı əmək müqafiləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsində deyilir ki, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.

İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi” məlumatları “Elektron Hökumət” portalı (https://www.e-gov.az/) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsi ilə qeydiyyata alınır.Qeyd edək ki, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir.

(ardı var)

 

 

Xəbər xətti