“Qohum nikahlarının qadağası sağlam ailələrin formalaşmasında böyük rol oynayacaq”

13:38 - 7 İyul 2025 - Cəmiyyət

Müsahibimiz ginekoloq Zivər Eldarovadır.

- Bildiyiniz kimi əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun iyulun 1-dən qüvvəyə mindi. Yaxın qohumlar arasında nikahın qadağan olunması bir sıra ciddi sağlamlıq problemlərinin də azalmasına səbəb olacaqmı? 

- Əlbəttə. Əvvəlki illərdə qızını qardaşının oğlu ilə evləndirən və ya digər yaxın qohumların ailə qurmasında rol oynayanlar gələcəkdə onların həyatını alt-üst edə biləcək ciddi problemləri fikirləşmədən bu arzuolunmaz yola çıxırdılar. Uzun illər qohum evliliklərindən törəyən bir çox xəstəliklərin olması barədə dəfələrlə mətbuatda yazılar gedib, mütəxəssislər media resurslarında bu barədə dolğun, maarifləndirici xarakterli məlumatlar yayıblar. Amma bir çox hallarda insanlarımız müxtəlif səbəblərdən yenə də bu, tibbi cəhətdən qəbul olunmayan izdivaclara razı olurdular. Bu o qədər dərin və ətraflı izah olunası mövzudur ki, belə izdivacların tibbi zərər və fəsadları barədə saatlarla danışmaq olar. Qısa desək, yaxın qohumlar arasında nikahdan dünyaya gələn uşaqlarda genetik xəstəliklər və anadangəlmə qüsurların riski daha yüksək olur. Bu, valideynlərin eyni genetik xüsusiyyətləri daşıma ehtimalının daha yüksək olması ilə əlaqədardır. Qohum nikahları nəticəsində uşaqlarda əsas rast gəlinən problemlər arasında anadangəlmə qüsurlar: Ürək qüsurları, əqli gerilik, eşitmə və görmə problemləri kimi arzuolunmaz hallar olur. Bundan başqa, hələ də qüvvəyə minən qanunu bəyənməyən valideynlərə xatırlatmaq istərdim ki, genetik xəstəliklər də ola bilir. Məsələn, talassemiya, kistik fibroz, oraqabənzər hüceyrə anemiyası kimi xəstəliklər. Bu cür ailələrdə daha yüksək ölüm riski daşınır. Yəni qohum evliliklərindən doğulan uşaqlarda ölüm riski daha yüksəkdir. 

- Cəmiyyətimizi narahat edən digər ciddi problem də var. Bu, erkən nikahlardır. Yəqin ki, erkən nikahların fəsadları da qohum evliliklərinin nəticələri qədər ağır olur.
- Həqiqətən də erkən nikahlar cəmiyyətimizdə hər zaman aktual məsələ olub. Bu cür nikahlar xüsusilə qız uşaqlarının gələcəyi üçün ciddi risklər yaradır. Bildiyiniz kimi erkən nikahlara 18 yaşdan əvvəl qurulmuş evliliklər aid edilir. Əslində ölkəmizdə bu cür nikahlar hüquqi cəhətdən haqlı olaraq maneələrlə üzləşirlər və qeyri-qanuni hesab olunur. Bunun çox ciddi elmi əsasları da var. Belə ki, bu yaşda erkən nikahın və nəticədə erkən cinsi əlaqənin başlamasının yeniyetmə qız üçün ciddi fəsadları olur. Çox vaxt insanlar bu fəsadlara əsasən tibbi məsələləri aid edirlər. Amma yanılırlar. Belə fəsadlar yalnız tibbi deyil, həm də psixoloji və sosial cəhətdən qızların həyatında ciddi izlər qoyurlar.  Qız uşaqları el dili ilə desək öz uşaqlığını yaşamırlar. Onlar heç yeniyetməlik dövrlərini belə normal keçirə bilmirlər. Qızlarımızın psixoloji inkişafları bu yaşda tamamlanmadığı üçün yeniyetmələr hələ tam formalaşmamış sayılırlar. Uzun illər müəyyən bölgələrdən dəfələrlə erkən nikah faktlarının aşkarlanması barədə məlumatlar oxuyub, eşitmişik. Valideynlər anlamırlar ki, bu yaş dövrlərində onlar ailə məsuliyyəti daşımağa hazır olmurlar. Onlarda depressiya, stress və travma ehtimalı xeyli dərəcədə artmış olur. Bir məsələni də deyim ki, erkən nikaha girən qızlar gələcəkdə ana olanda özləri uşaqlıq yaşaya bilmədikləri üçün övladla bağları zəif olur, uşağa məsuliyyətlə yanaşa bilmirlər, uşağa qarşı daha səhlənkar və aqressiv ola bilirlər...   Həmçinin, digər xəstəlik riskləri də yüksəkdir. Məsələn, ortada erkən cinsi əlaqə olduğu üçün bu qızlarda cinsi infeksiyaya yoluxma ehtimalı artmış olur. Xüsusən də, qarşı tərəfin aktiv, xaotik cinsi həyatı olubsa, cinsi infeksiyaların qıza keçmə ehtimalı daha çox yüksək olur.  Təhlükəli cinsi infeksiyalardan HPV, sifilis, QİÇS (AIDS), xladimioz və digərlərini göstərmək olar. Bu infeksiyalardan bəziləri sonsuzluğa, HPV virusu isə genital bölgənin xərçənginə səbəb olur. Xüsusilə də uşaqlıq boynu xərçənginin yaranmasında əsas faktorlardan biri HPV virusudur.   

- Erkən nikahdan sonra hamiləlik də ağır keçə bilərmi?
- Əlbəttə. Xeyli gənc hamilə xanımlarda həm də hamiləlik dövründə də bir çox fəsadlarla rastlaşırıq. Bunlardan erkən doğum və düşük təhlükəsinin artmasını qeyd edə bilərəm. Hətta körpənin ölü doğulma ehtimalı yüksəlir. Təəssüf ki, potensial problemlər bununla da bitmir. Yaşı az olan hamilə xanımlarda preeklampsiya kimi həm ananın, həm də körpənin həyatına təhlükə yaradan bir vəziyyətə daha çox rast gəlinir. Doğum sonrası dönəmdə isə qanama riski artmış olur. Erkən nikah ilə bağlı rastlaşdığımız fəsadlar təəssüf ki, bir çox psixoloji və sosioloji faktorların təsirindən erkən yaşlarda cinsi əlaqəyə başlamış qızlarda, həmçinin təcavüzə məruz qalmış qız uşaqlarında da rast gəlinir. Travmalı ailələrdə böyüyən, valideynlərindən sevgi və qayğı görməyən qız uşaqları bu təsirlərə daha çox məruz qalırlar. Sosial cəhətdən fəsadlara gəlincə, bu qızların əksər hallarda təhsili yarımçıq qalır. Bu isə qızları müəyyən mənada bəzi iqtisadi məsələlərdə çərçivəyə salır və gələcəkdə onların karyera qurmasına, iş tapmasına ciddi maneələr törədir. Həmçinin, erkən yaşda evlənən qızlar daha çox ailədaxili zorakılığa məruz qalırlar. Onların həyat yoldaşları ilə bərabərhüquqlu münasibət qurmaları çətinləşir. Münasibətlərdə anlaşılmazlıqlar və münaqişələrin olması səbəbindən erkən nikaha girənlər arasında sonrakı illərdə boşanma halları daha çox olur.  Bir sözlə, erkən cinsi əlaqə yalnız bir şəxsin deyil, bütöv bir cəmiyyətin gələcəyinə təsir edən ciddi bir məsələdir. Gənclərin məlumatlı, güvənli və sağlam qərarlar verməsi üçün onları mühakimə etmədən, maarifləndirmək və dəstəkləmək vacibdir. 

Xəbər xətti