Qazaxda 26 yaşlı qadını güllələyən şəxs tutulub.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, aprelin 14-də Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 26 yaşlı Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb.
Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.