Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib. Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıb. Saxlanıldıqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan rayonun Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb. O törətdiyi əməli etiraf edib və qonşusunun evdə olmadığını bildiyi üçün evə daxil olduğunu, oradan televizor və xalça oğurladığını bildirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.