DİM 38 şəhər və rayonda monitorinq imtahanları keçirib

16:15 - 15 Dekabr 2017 - Xəbər

Dövlət İmtahan Mərkəzi (DİM) 14-15 dekabrda respublikanın 38 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirib.
 
Ucnoqta.az DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb.
 
İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.
 
6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabrda keçiriləcək.
 
DİM-dən o da bildirilib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
 
Qeyd edək ki, monitorinq imtahanları Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz və Siyəzəndə keçirilib.

Xəbər xətti