“Azəriqaz”: "Qaz təminatında fasilələrin yaranması kütləvi xarakter daşımır"

14:53 - 29 Sentyabr 2017 - Cəmiyyət

Havaların kəskin soyuması Bakı və ətraf qəsəbələrdə qaz təminatında problemlər yaradıb. Xüsusilə Bakının Nərimanov, Yasamal, Suraxanı, Sabunçu rayonlarının sakinləri qazın təzyiqinin çox aşağı olması, hətta saatlarla fasilələrin yaranmasından şikayətçidir. Ucnoqta.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, bunun müxtəlif səbəbləri ola bilər:
“Amma qaz təminatında fasilələrin yaranması kütləvi xarakter daşımır. Bizə müraciət, çağırış daxil olarkən əməkdaşlarımız tərəfindən yerində baxış keçirilir və müvafiq tənzimləmə işlərini həyata keçirirlər”.
İ.Kərbalayev bildirib ki, təbii qazın çatışmazlığı ilə bağlı problem yoxdur: “Kiminsə mənzilində fərdi qaydada, yaxud havaların soyuması ilə qaza olan tələbatın artması ilə problem yarana bilər. Hansı mənzildə qaz təmiantında problem yaranıbsa, hər hansı çatışmazlıq baş verirsə, “104” və “185” saylı qaynar xətlərə müraciət edə bilərlər. Çağırışlar aidiyyatı üzrə sahələrə yönləndirilir. Sahə əməkdaşları yerində baxış keçirərək tənzimləmə işləri aparır”.

Xəbər xətti