Yeni dərs ilinin başlamasına 4 həftədən az vaxt qalıb. Artıq valideynləri məktəb qayğıları düşündürür. Xüsusilə bir neçə övladı təhsil alanlar daha ucuq qizymətləri olan ticarət obyektlərini seçməyə çalışırlar. Paytaxtın müxtəlif ərazilərindəki məktəbli ləvazimatlarının satış mərkəzlərində apardığımız müşahidə nəticəsində bir uşağı geyim, çanta, dəftər-qələm və digər zəruri ləvazimatlarla təmin etmək üçün hər valideynə 150-300 AZN vəsait lazım olduğu məlum olub. Müəyyən edilmiş qiymətlər əsasən metronun "28 May" stansiyasının yaxınlığındakı ticarət mərkəzlərində, "Sədərək" ticarət mərkəzi və 8-ci km bazarı kimi tanınan ərazilərdəki satış qiymətləridir. Ümumiləşdirilmiş qiymətlər aşağıdakı kimidir:
Məktəbli çantası: 10-120 AZN
Məktəbli formaları: 30-55 AZN (Qiymətə pencək, şalvar, jilet və köynək daxildir)
Ayaqqabı: 10-55 AZN
Dəftərlər: 12 vərəq 0,12-0,30 AZN
40 vərəq 0,4 - 0,80 AZN
60 vərəq 0,7 - 1 AZN
100 vərəq 1 - 1,5 AZN
Qələm: 0,2 - 1,5 AZN
Sadə karandaş: 0,2 - 0,5 AZN
Rəngli karandaş: 1,5 - 6 AZN
Plastilin: 0,5 – 2,5 AZN
Dəftər üzü: 0,2 - 0,5 AZN
Kitab üzü: 0,5 - 1,5 AZN
Su qabı: 4 - 10 AZN
Termos: 12 - 21 AZN
Gündəlik: 1,50 – 3 AZN
Bildirək ki, bu, aşağı və orta qiymətlərdir. Şəhər mərkəzindəki mağazalarda məktəbli ləvazimatlarının qiyməti daha yüksəkdir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırıb. Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov SalamNews-a açıqlamasında bildirib ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Ehtiyac olarsa, yarmarkaların fəaliyyəti sentyabrın 30-na qədər davam etdirilə bilər. Artıq "28 May" metro stansiyasının çıxışı yaxınlığındakı yarmarka fəaliyyətə başlayıb:
"Məktəbli yarmarkaları metronun "28 May" stansiyası yaxınlığından başqa, "Elmlər Akademiyası", "İnşaatçılar”, "Nəriman Nərimanov", "Koroğlu” və "Neftçilər” stansiyaları yaxınlığında da fəaliyyət göstərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlar qurulub. Yarmarkalarda kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılır. Avqustun 25-nə qədər bütün yarmarkaların fəaliyyəti təmin ediləcək".
Departament rəsmisi bildirib ki, yarmarkalarda süni qiymət artımının qarşısını almaq üçün qurumun əməkdaşları tərəfindən ciddi nəzarət tətbiq olunacaq.