Türkiyənin NATO-dakı rolu güclənir

15:13 - 2 İyul 2026 - Xəbər

Avropa ölkələri ABŞ-ın hərbi dəstəyindən asılılıqlarını azaltmağa və öz müdafiə qabiliyyətlərini inkişaf etdirməyə çalışdıqca Türkiyənin NATO-dakı rolu güclənir.

Ucnoqta.az bildirir ki, bu barədə Bloomberg məlumat verib.

Agentliyin məlumatına görə, Ankara öz hərbi-sənaye kompleksinin inkişafı və artan silah ixracatı sayəsində alyansın getdikcə daha əhəmiyyətli üzvünə çevrilir. Türk şirkətləri NATO müttəfiqlərinə dronlar, zirehli maşınlar, gəmilər, döyüş təlim təyyarələri və elektron müharibə sistemləri daxil olmaqla geniş çeşiddə məhsullar təqdim edir.

"Bloomberg" qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitindən ölkənin ittifaqdakı mövqeyini gücləndirmək üçün istifadə etmək niyyətindədir.
Agentliyin məlumatına görə, Ankara müdafiə xərclərinin müttəfiqlər arasında daha ədalətli bölüşdürülməsinə və hərbi məhsulların ticarətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmağa ümid edir.

Agentlik vurğulayır ki, 2024-cü ildə Türkiyənin müdafiə ixracatının təxminən 56%-i ABŞ-a, Avropa ölkələrinə və digər NATO müttəfiqlərinə gedirdi.
2020-ci ildən bəri Türkiyə hərbi-sənaye kompleksinin xarici satışları dörd dəfə artaraq ildə təxminən 10 milyard dollara çatıb.

"Bloomberg" qeyd edi ki, Türkiyənin artan rolu, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun azaldılması və Ukraynadakı davam edən münaqişədən sonra Avropa dövlətlərinin təhlükəsizliyə yanaşmalarını yenidən qiymətləndirməsi ilə əlaqədardır.

Xəbər xətti