Şabran sakinlərinə hüquqi konsultasiya xidməti göstərilib

14:01 - 2 İyul 2026 - ÖLKƏ İÇİ

Şabran rayonunda müharibədən zərərçəkən və digər aztəminatlı rayon sakinlərinə hüquqi konsultasiya xidməti göstərilib.

Tədbir “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Görüşdə 12 nəfər Şabran rayon sakini iştirak edib. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarının ərazisini əhatə edir. Layihənin məqsədi Bərdə, Ağsu, Qobustan, Siyəzən və Şabran rayonunda yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək,  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.

Bu gün layihə çərçivəsində sonuncu görüşümüzü Şabranda keçiririk. Amma layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail (huqugiyardim@gmail.com) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur”.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. 
Müraciətlər əsasən hərbi xidmət zamanı yaranan xəstəliklərə görə vaxtından əvvəl tərxis olunan şəxslərin hüquqları, hüquq-mühafizə orqanlarında xidmət edən şəxslərin pensiya təminatı, əmək haqqına əlavələrin hesablanması, istehlak kredit borcuna görə məhkəmə qərarı əsasında ödənişlərin hissə-hissə edilmə imkanları, əlillikdən imtina, əlillik təyinatı üçün müraciətlə  bağlı olub. 

Görüş zamanı 2 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.


Xəbər xətti