Sosial şəbəkələrin fenomen səsli müğənnisi ilk klipini təqdim etdi -KLİP + FOTOLAR

13:06 - 22 Dekabr 2016 - MAQAZİN

Xalq artisti: "Onun səsi bulaq suyu kimi saf, büllür kimidir"


Özünəməxsus ifa tərzi ilə sosial şəbəkələrin fenomeninə çevrilən Çinarə Məlikzadə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ilk klip təqdimat mərasimini keçirib. Gənc ifaçı Azərbaycan musiqi mədəniyyətinin korifeylərindən olan Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın repertuarına müraciət edib. Müğənni bəstəkar Elza İbrahimovanın "Gedək üzü küləyə” bəstəsini ifa edib və mahnıya çəkilən klipi təqdim edib.
Təqdimat mərasimində çıxış edən müğənninin müəllimi, xalq artisti Mənsum İbrahimov Çinarə Məlikzadəyə uğurlar arzulayıb və onun ifasını çox bəyəndiyini deyib: "Çinarə 7 ildir ki, tələbəmdir. Onun səsi bulaq suyu kimi saf, büllür kimidir. İnanıram ki, Çinarə daha böyük uğurlara imza atacaq. Onun az müddətdə tanınması, məhz gözəl, cilalanmış səsinin sayəsindədir. Çinarənin daha böyük uğurlara imza atacağı zaman uzaq deyil. Çinarəni artıq sosial şəbəkələrin ulduzu adlandıra bilərik”- deyə, o, bildirib.
Azərbaycan musiqisində və eləcə də gənc istedadların yetişdirilməsində xüsusi rolu olan, əməkdar artist, Şövkət Ələkbərova məktəbinin layiqli davamçısı Aybəniz Haşımova çıxışında gənc müğənni Çinarə Məlikzadə haqqında xoş sözlər söyləyib: "Çinarə sənətə gözəl səsiylə gəlib və ona dəstək olmaq lazımdır. Düşünürəm ki, Azərbaycan musiqi mədəniyyətində Çinarə Məlikzadə kimi gənc müğənnilərə dəstək olmaq lazımdır ki, sənət yolunda büdrəməsinlər. Çünki bizim sənət çox qəlizdir. Çox sevinirəm ki, Çinarə dahi ifaçı, sənətin korifeyi Şövkət Ələkbərovanın mahnısına müraciət edib. Çinarəyə bundan sonraki yaradıcılığında uğurlar arzu edirəm”.
Tədbirdə Çinarə Məlikzadənin müəllimi Esmiraldo Hüseynova çıxışında deyib ki, Çinarənin səsinə və mədəniyyətinə hələ tələbəlik illərindən aşiq olub.
Bəstəkar Sevinc Tofiqqızı deyib ki, Çinarənin ilk mahnısı olan "Bir sən varsan, bir də mən" kifayət qədər uğurlu alınıb və müğənniylə işbirliyi bundan sonra da davam edəcək. 
Tanınmış müğənni Elnur Məmmədov çıxış edərək bildirib ki, "Gedək üzü küləyə" mahnısına çəkilən klipi çox bəyənib: "Çinarə xanımı təbrik edirəm. Onun səsinə və mədəniyyətinə heyran olmamaq mümkün deyil. Belə qız böyüdən valideynlərə minnətdaram. Klip də çox uğurlu alınıb. Çinarə xanımın ilk çıxışı "Facebook”da olub, o mahnını özünə məxsus mimika və jestlərlə oxuyub. Klip də onun üzərində qurulub. Bir daha Çinarəni təbrik edirəm və ona yaradıcılıq uğurları arzulayıram”.
Sənətçinin dostları Aynişan Quliyeva, Əbdül Xalid, Elvin Əhməd, Rövşən Civişov və digərləri çıxış edərək ifaçı haqqında ürək sözlərini bölüşüblər.
Tədbir jurnalistlərin sualları ilə davam edib.
Qeyd edək ki, "Gedək üzü küləyə" mahnısına çəkilən klipin rejissoru Ər-Toğrul Kamallı, operatoru isə Əvəz Hacıdır.
Çinarə Məlikzadə, 1990-cı il oktyabrın 11-də Bakıda anadan olub. Musiqiyə marağı kiçik yaşlarından yaranıb. Uşaqlıqda xalq artisti Oqtay Zülfüqarovdan dərslər alıb. 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirib. Bir çox müsabiqələrdə – "Pöhrə”, "Yeni ulduz” ən son "O Ses Türkiye” müsabiqəsində iştirak edib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakültəsində təhsil alıb.azxeber

<span style="\\&quot;line-height:" 1.6em;\\"="">

 


Xəbər xətti