"Azərbaycan hər sahədə inkişaf edir, o cümlədən, futbol sahəsində. Bu gün 2:0 hesablı qələbə qazandıq. Əvvəlki nəticələrlə əlaqədar bir az əhval-ruhiyyə pozulmuşdu. Amma klublarda belə şeylər olur. Top yuvarlaqdır, hər yerə dəyə bilər. Amma bu gün komandamız çox böyük müvəffəqiyyət qazandı. Çox razıyam".
"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun prezidenti Abdulbari Goozal Avropa Liqasının III turunda Yunanıstan PAOK-u üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri daha sonra KİV nümayəndələrinin suallarını cavablandırıb:
Yunanıstandakı cavab oyunundan nə gözləyirsiniz?
- Əslində bu suala baş məşqçimiz Qurban Qurbanov cavab verməlidir. Amma inanıram ki, komandamız səfərdə də yaxşı oynayacaq. Mən nigaran deyiləm. Çünki artıq bu rəqibi tanıyırıq. "Qarabağ" özünə güvənir, özünəməxsus oyun tərzi var, mədəniyyəti var.
Komandanızın ehtiyat oyunçular skamyası qısa idi. Komandanızın stabil büdcəsi var, UEFA-dan da normal bonuslar gəlir. Bunları nəzərə alaraq, yeni transferlər etməyiniz mümkündür?
- Transferlər etmək elə də asan deyil. Bəzən çox yaxşı futbolçu da gətirsən, oynaya bilmir. "Qarabağ"ın özünəməxsus oyun üslubu var. Həmişə axtarışdayıq ki, komandaya yeni qan verək. Əlbəttə, yeni transferlər nəzərimizdədir. Baxırlar, araşdırırlar. Bu, olmalıdır, daimi proses xarakteri almalıdır.
Artıq "Qarabağ"ın 4 xalı var. Qrupdan çıxma şanslarını necə dəyərləndirirsiniz?
- Bunu deyə bilmərəm. Çünki boşuna danışmağı xoşlamıram. Amma mən "Qarabağ"a güvənirəm. Növbəti mərhələ də gələcək. Hamımız bunun ümidindəyik.
Oyunun hansı hissəsini ayaq üstə, hansı hissəsini oturaraq izlədiniz?
- Oyun zamanı bəzən ayağa qalxdıq. Həm qol vurularkən, həm də təhlükəli vəziyyətlər zamanı həyəcan yaranırdı. İkinci qolumuzdan sonra rahatlaşdıq. Birinci qol bir az narahatedici idi. İkinci qoldan sonra qələbəni təmin etdik.