“Bir müddətdi Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı təşkil edilən mətbuat konfrasında klub rəhbəri fikrini bu sözlərlə davam etdirib: “Qəbələdə bir neçə ildi futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiyanın Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Sual verə bilərsiz ki, akademiya harda yerləşəcək? Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə, AFFA-ya da təşəkkür edirik”.