Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ozal Böyükağalının cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.
İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə bu il avqust ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Bakı şəhər sakini O.Böyükağalı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Qızılşan Əsgərovanı vurub. Q.Əsgərova hadisə yerində ölüb.
O.Böyükağalı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.