Fondun təşkilatçılığı ilə Naxçıvan şəhərində regional konfrans keçirilib

17:03 - 17 Oktyabr 2016 - MEDİA

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev, muxtar respublikadakı dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, yerli televiziya, radio və nəşrlərin, habelə Bakıda fəaliyyət göstərən 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi öndərin adını daşıyan Muzeylə tanış olublar.
Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında işinə başlayan konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev qonaqları salamlayaraq tədbirin dövlət qurumları ilə ölkənin aparıcı KİV-ləri arasında sıx və məhsuldar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rəhman Hacıyev mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında sıx və məhsuldar əlaqələrin əsasının 1990-1993-cü illərdə – ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə qoyulduğunu vurğulayıb. Həmin dövrdə Muxtar respublikanın siyasi, sosial-iqtisadi, mədəni həyatı, qonşu ölkələrlə ikitərəfli əlaqələri barədə yeniliklərin «Şərq qapısı» qəzetində dərc olunduğunu xatırladan Rəhman Hacıyev əlavə edib ki, ümummilli lider Azərbaycana rəhbərliyi dövründə də kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu hər zaman yüksək dəyərləndirib, jurnalistlərin peşə fəaliyyətinə geniş imkanlar yaradıb.
Rəhman Hacıyev, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkədə söz, fikir və məlumat azadlığının təmin olunması, yüzlərlə qəzet və jurnalın, informasiya agentliklərinin maneəsiz fəaliyyəti bu diqqət və qayğının bariz təcəssümüdür.
Naxçıvanda dövlət qurumları ilə KİV-lər arasında əlaqələrin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Rəhman Hacıyev hazırda burada 1 Muxtar respublika, 8 şəhər və rayon qəzetlərinin, 4 jurnalın, 3 televiziya, 3 radio və 6 nəşriyyatın fəaliyyət göstərdiyini bildirib. Natiq, həmçinin qeyd edib ki, Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması KİV-lərlə dövlət qurumları əlaqələrin sivil məcrada tənzimlənməsini təmin edib. O, Muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları üçün normal iş şəraitinin yaradıldığını, maddi-texniki bazalarının gücləndirildiyini xüsusi vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ixtisaslı jurnalist kadrların hazırlanması və dövlət orqanlarında mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verib. Rəhman Hacıyev Fondun təşkilatçılığı ilə Naxçıvanda keçirilən tədbirin dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirərək sözü icraçı direktor Vüqar Səfərliyə verib.
İcraçı direktor Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorlarının Naxçıvana geniş heyətdə ilk səfərinin və belə bir konfransın təşkilinin əhəmiyyətindən söz açıb. İcraçı direktor bildirib ki, konfransın təşkilində məqsəd Muxtar respublikanın dövlət qurumları ilə respublikanın aparıcı KİV-ləri arasında əlaqələrin daha da genişləndirilməsi, habelə ölkə ictimaiyyətinin blokada şəraitində yaşayan Naxçıvanda ictimai həyatın bütün sahələri üzrə qazanılan nailiyyətlər barədə dolğun və obyektiv məlumatlandırılmasıdır.
Vüqar Səfərli son illərdə Muxtar respublikanın iqtisadi, siyasi, mədəni və abadlıq-quruculuq sahələrində möhtəşəm nailiyyətlərə imza atdığını bildirərək burada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müstəsna xidmətlərini diqqətə çəkib. İcraçı direktor, Heydər Əliyev ideyaları əsasında inkişaf edən Muxtar respublikada Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütərəqqi inkişaf strategiyasının uğurla reallaşdırıldığını vurğulayıb.
Fondun icraçı direktoru ölkə mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladıb və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulduğunu və digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti son 13 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin və sosial vəziyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüqar Səfərli qəzetlərin "Azərbaycan” nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silinməsi, ölkə mətbuatının 130, 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, onlarla jurnalistin fəxri adlara, orden və medallara layiq görülməsi və digər mühüm tədbirləri xüsusi xatırladıb.
Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu il 3 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərə dövlət dəstəyinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Fondun fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. İcraçı direktor Naxçıvanda keçirilən konfransın kütləvi informasiya vasitələri ilə Muxtar respublikanın müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını bildirib.
Vüqar Səfərli ötən illərdə Fondun KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Yarandığı gündən Fondun hesabına dövlət büdcəsindən köçürülən vəsaitlərin məbləğinin 26 milyon 795 min manat təşkil etdiyini diqqətə çatdıran icraçı direktor əlavə edib ki, bir qrup jurnalistin mənzillə təmin olunması və jurnalistlər üçün növbəti binanın tikintisinin yekunlaşmaq üzrə olması mediaya dövlət tərəfindən göstərilən yüksək diqqətin əyani təcəssümüdür.
İcraçı direktor Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri barədə də ətraflı məlumat verib. Ötən illərdə həmin müsabiqələrdə Muxtar respublika mətbuatında çalışan jurnalistlərin də iştirak edərək qalib olduqlarını diqqətə çatdıran Vüqar Səfərli media nümayəndələrini Fondun növbəti müsabiqələrində daha fəal olmağa dəvət edib.
Sonra konfrans diskussiya şəraitində işini davam etdirib. "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, Milli Məclisin deputatı, «Ədalət» qəzetinin təsisçisi Aqil Abbas, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan MR Mətbuat Şurasının üzvü Qahirə Hüseynova, "APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan MR Mətbuat Şurasının sədri Rövşən Hüseynov, "Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Naxçıvan MR Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Şərqin səhəri" qəzetinin redaktor əvəzi Zaleh Novruzov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz çıxış edərək konfransın əhəmiyyətindən söz açıb, habelə Naxçıvandakı inkişaf və tərəqqi prosesi ilə bağlı yüksək təəssüratlarını bölüşüblər.
Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə Naxçıvan MR Ali Məclisinin rəhbərliyinə təşəkkürünü bildirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Rəsmi tədbirdən sonra Naxçıvanda səfərdə olan qonaqlara oktyabrın 14 və 15-də Muxtar respublikanın tarixi-mədəni, dini abidələri, aparıcı ali təhsil müəssisələri və KİV-ləri ilə yaxından tanışlıq imkanı yaradılıb. «Əshabi-Kəhf» Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi və Əlincəqala tarixi abidəsi və muzeyi, «Xan sarayı», Mömünə Xatın türbəsi və Açıq Səma altında Muzey Kompleksi, Bal festivalı, xalq şairi M.Arazın Ev Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Naxçıvan MR Televiziya və Radio Şirkətləri Komitəsi, «Şərq qapısı» qəzeti ilə tanışlıq media nümayəndələrində xoş təəssüratlar yaradıb.


Xəbər xətti