"Müəllim İnstitutunda heç bir ixtisar olmayacaq" - Rektor
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan Dövlət Pedoqoji Universitetinə (ADPU) birləşdirilməsi işləri tam olaraq başa çatıb. APA-nın xəbərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov hazırda universitet daxilində edilən dəyişikliklər barədə ətraflı məlumat verməyin hələ tez olduğunu deyib: "İndi ciddi hazırlıq işləri gedir. Yarımçıq məlumat çaşqınlıq yarada biləcəyindən bir müddət gözləmək məsləhətdir".
C.Cəfərov vurğulayıb ki, hazırda ali məktəbdə ümumi tələbə sayı Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə sayı ilə birlikdə 20 min civarındadır: “Builki məzunları nəzərə alsaq, bu rəqəm bir qədər azalacaq. Azərbaycan Müəllim İnstitutunda çalışan müəllimlərin hamısı da işlə təmin olunacaqlar və heç bir ixtisar olmayacaq”.