Paytaxtda daha bir küçə istifadəyə verildi

17:11 - 14 İyul 2016 - Cəmiyyət

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsində aparılan təmir işləri yekunlaşıb.
"Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək ərazidən daşınıb. Bunun əvəzinə 9 min kv.m sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1 800 poqonmetr yeni səki daşı düzülüb.

Aparılan təmir-tikinti işləri zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.
Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.


Xəbər xətti