Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu rus dilindən alınan bəzi sözlərin Azərbaycan dilində qarşılığının tapılaraq müzakirəyə çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirib.İnstitutun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü Trend-ə bildirib ki, son günlər sosial şəbəkələrdə bir sıra rus dilindən alınan sözlərin Azərbaycan dilində qarşılığı tapılaraq müzakirəyə çıxarılıb. Bu da ictimai qınağa səbəb olub: “Nəzərinizə çatdırım ki, qarşılığı tapılan bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib. Həmin sözlər heç Dilçilik İnstitutunun Elmi Şurasında müzakirə də olunmayıb. "Feysbuk" sosial şəbəkəsində müzakirəyə çıxarılan bu tipli ifadələr bir qrup insanın uydurduğu qondarma sözlərdir”.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, “kupalnik” sözü guya azərbaycanca “geyçim”, “şpilka” “ipəzor” , "qantel" "qolşiş", "broşka" "saçazor", "sürücü qadın” ifadəsi isə “süranə” kimi müəyyənləşdirilib.