Hikmət Mirzəyev Cavanşir Qurbanovun ailəsini ziyarət edib - FOTO

10:36 - 26 May 2025 - Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə nazirinin müavini, Vətən Müharibəsi qəhrəmanı Hikmət Mirzəyev Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti, mərhum Cavanşir Qurbanovun ailəsini ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, H.Mirzəyev bir neçə gün əvvəl rəhmətə gedən C.Qurbanovun xanımına və ailə üzvlərinə başsağlığı verib.

Xatırladaq ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov mayın 21-də 78 yaşında dünyasını dəyişib.

Cavanşir Qurbanov "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.

O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

C.Qurbanov 2024-cü ilin mart ayında Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali medalı “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib.

Qeyd edək ki, Cavanşir Qurbanov AYB-nin üzvü, Prezident təqaüdçüsü Cəlal Qurbanovun atasıdır. C.Qurbanov saytımıza açıqlamasında general-polkovnik Hikmət Mirzəyevə öz təşəkkürünü çatdırıb:

"Bu gün ailəmizin ağır günündə yanımızda olan, evimizi ziyarət edib anamıza və ailəmizin böyüyünə başsağlığı verən dəyərli insan Vətən müharibəsi qəhrəmanı, General-polkovnikHikmət Mirzəyevə ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Səmimi kəlmələri, diqqəti və mənəvi dəstəyi bizə böyük təsəlli oldu.

Eyni zamanda, ailəmiz adından Hikmət müəllimin bacısının vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı veririk.

Dünən keçirilən qırx mərasimi münasibətilə mərhuməyə Allahdan rəhmət, bütün yaxınlarına səbir və dözüm arzu edirik. Qoy Uca Allah bütün dünyasını dəyişənlərə rəhmət etsin".///yenisabah


Xəbər xətti