Xəbər verdiyimiz kimi, son zamanlar “A-frame” tipli evlərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu cür tikililərlə bağlı diqqətçəkən məsələlərdən biri də onlara çıxarışın (kupçanın) verilməsi ilə bağlıdır. Bəs görəsən, “A-frame” evlərə “kupça” verilir?
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı bir əmlaka çıxarışı yalnız onun yerdə bünövrəsi və müəyyən bir yerdən hündürlüyü olduğu halda almaq mümkündür:
“”A-frame” tipli evlər arasında həm daşınan, həm də daşınmaz olanları var. Daşınanlar adətən konteyner və ya yüngül konstruksiyalı evlərdir. Belə evlər əvvəlcədən hazırlanıb istənilən yerə yerləşdirilə bilir və daha sonra başqa əraziyə köçürülür. Bu cür evlər yerə sabit bərkidilmədiyindən onlara çıxarış verilmir. Lakin bəzi “A-frame” evlər var ki, onlar bünövrə üzərində inşa olunur. Əgər evin bünövrəsi beton, daş və ya armaturla hazırlanıbsa və ev həmin bünövrə üzərində qurulubsa, istər taxtadan, istər dəmirdən və ya digər materialdan tikilsin, bu artıq daşınmaz əmlak sayılır. Belə tikililər sabit olduqları üçün onlara çıxarış verilməsi mümkündür”.
E.Fərzəliyev qeyd edib ki, ənənəvi “A-frame” evlər taxtadan hazırlanır, amma hazırda Azərbaycanda, xüsusilə də bölgələrdə bu evlərin xarici görünüşü taxtadan olsa da, əksəriyyəti daş və betondan tikilir:
“Bu isə həmin ərazilərin iqlim və coğrafi xüsusiyyətlərinə uyğun olaraq edilir. Soyuq iqlimli və seysmik zonalarda yüngül konstruksiyalarla ev tikmək mümkün olmadığından, daha dayanıqlı materiallardan istifadə olunur. İqlimi sabit olan ərazilərdə isə yüngül tikililərə üstünlük verilə bilir. Daşınan “A-frame” evlərə çıxarış verilmir. Daşınmaz, yəni bünövrə üzərində olanlara isə çıxarış almaq mümkündür. Bunun üçün əvvəlcə tikilinin yerləşdiyi torpağın çıxarışı olmalıdır. Daha sonra həmin ərazidə tikiləcək evin layihəsi hazırlanmalıdır. Bu layihə lisenziyalı memarlıq şirkəti tərəfindən çəkilir və “bir pəncərə” sistemi vasitəsilə aidiyyəti qurumlara təqdim olunur. Layihə təsdiqləndikdən sonra tikintiyə rəsmi icazə verilir və həmin evə çıxarış almaq mümkün olur”.///mətbuat