Braziliyada ticarət mərkəzinə gələn ziyarətçinin cins şalvarının cibində cib telefonu partlayıb.
Ucnoqta.az xəbər verir ki, hadisə videoya çəkilib və The Independent nəşri dərc edib.
Hadisə fevralın 8-də Qoias ştatının Anapolis şəhərində baş verib. Adı açıqlanmayan qadın əri ilə birlikdə alış-verişə gedib. Onlar piştaxtada dayanarkən braziliyalı qadının şalvarının arxa cibində olan smartfon partlayaraq yanmağa başlayıb.
Ticarət mərkəzinin müşahidə kameralarında qurbanın ərinin alovu söndürməyə çalışdığı görünür. Əl, qol, omba və kürək nahiyəsindən birinci və ikinci dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya aparılıb.
Zərərçəkənin əri baş verənlər nəticəsində psixoloji sarsıntı keçirdiyini bildirib. Moto E32 markalı telefon qadının cibində partlayıb. Cihaz bir ildən az əvvəl alınıb.