Əhməd Əhmədovun məhkəməsində qalmaqal

12:19 - 25 İyun 2024 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Oxu.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, şahid etiraz edib.

Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib.

Məhkəmənin baxış iclası iyulun 4-ü saat 12:20-yə təyin edilib.

Qeyd edək ki, Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər xətti