Taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı topladığı fərdi informasiyaların taleyi necə olacaq?
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz deyib. Osman Gündüz "Taksi islahatları" ilə bağlı diqqəti cəlb edən digər bir məsələ taksidə salonun video çəkilişini aparan kameranın olması və bu datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır.
“Belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarlarla, ictimai -siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən video məlumatlar da olacaq.
Yəni taksilərdəki video registratorda xeyli qiymətli informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların TikTok-a sızmayacağına təminat varmı? AYNA bununla bağlı nə düşünür ? Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur”.
O. Gündüz qeyd edir ki, AYNA minlərlə taksi sürücüsünün əlində olan nəhəng datanın təhlükəsizliyini necə qoruyacaq?
“Video registratorların kibertəhlükəsizlik məsələləri necə həll olunacaq?
AYNA bunların öhdəsindən gələ biləcəkmi?” – deyə sual edib.