Şəmkir rayonunda 1955-ci il təvəllüdlü Səmayə gəlini Vüsaləni (adlar şərti göstərilib - red.) döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 19-da Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib.
Səmayə yaşadıqları evdə gəlini Vüsaləni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Səmayənin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada ittiham verilib.
İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Səmayənin sözlərinə görə, zərərçəkmiş Vüsalə onun gəlinidir:
“Oğlum Səbuhi 2018-ci ildə Vüsalə ilə evləndi, birgə nikahdan iki uşaqları doğulub. Lakin ailə münasibətlərinin pozulması zəmnində Vüsalə 2023-cü ilin avqustunda uşaqlarını götürüb atası evinə getdi. Sonradan oğlum ailə münasibətlərini bərpa edərək 18 yanvar 2024-cü ildə Vüsaləni və uşaqlarını yenidən yaşadığımız evə gətirdi. Yanvarın 19-da evdə olarkən gəlinimin qarşına bəzi şərtlər qoydum. Lakin gəlinim həmin şərtlərə əməl etməkdən imtina etdi. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Mübahisə əsnasında Vüsalə özü-özünü döyərək yerə çırpdı. Lakin həmin vaxt mən Vüsaləni vurmamışam, ona hər hansı xəsarət yetirməmişəm. Bu səbəbdən özümü təqsirli hesab etmirəm”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, 2018-ci ildə Səmayənin oğlu Səbuhi ilə evlənib, birgə nikahdan iki uşaqları var:
“Lakin ailə münasibətlərimizin pozulması zəminində 2023-cü ilin avqustunda uşaqlarımı götürüb atam evinə getdim. Sonradan ərim ailə münasibətlərimizi bərpa etdi. 18 yanvar 2024-cü ildə məni və uşaqları yenidən yaşadıqları evə gətirdi.
Yanvarın 19-da evdə olarkən qayınanam qarşıma bəzi şərtlər qoydu, telefon işlətməməyi dedi. Lakin həmin şərtlərə əməl etməkdən imtina etdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam və ərim məni döyərək, xəsarət yetirdilər”.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə Səmayə 350 manat mqidarında cərimə olunub.