Bacısını öldürməkdə təqsirləndirilən Azər Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.
Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Daha sonra aldığı zərbələrdən yıxılan M.Əfəndiyevanın başı kafelə dəyib və nəticədə ölüb.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.