Bakıda 49 yaşlı kişi arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

18:47 - 24 Yanvar 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda 1975-ci il təvəllüdlü İsa ailə münaqişəsi zamanı həyat yoldaşı Aydana (adlar şərti verilib) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 10-da Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. İsa yaşadığı evin qonaq otağında həyat yoldaşı Aydanın nalayiq ifadələr işlətməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və qol nahiyələrindən bir neçə dəfə vurub. 

Hadisəni törədən İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Aydan ilə təxminən 20 ildir ailə həyatı qurublar: 

“Son zamanlar aramızda müxtəlif səbəblərdən mütəmadi olaraq mübahisələr yaşandı. Oktyabrın 10-da, təxminən saat 22 radələrində yaşadığımız evdə olarkən Aydanın övladlarımızı nalayiq ifadələr işlədərək təhqir etdiyini gördüm. 

Aydanı qonaq otağına çağıraraq ona öz iradlarımı bildirməyə başladığım zaman mənə kobud cavab verdi. Mənim də ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman qəzəblənərək qəsdən əlimlə Aydanı möhkəm itələdim. Aydan evdə olan taxtalara dəydi. Bundan sonra evdən getdim. Həmin vaxt Aydanın xəsarət alıb-almamasını görməmişəm”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə İsa aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Xəbər xətti