Yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib.
Bu barədə APA-ya MSN-in mətbuat xidmətinin rəisi Yaşar İsakov bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb: "İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər".
16.15
Prokurorluq Şirvan şəhərində zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Şirvan şəhər prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
16.14
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.
Bildirilib ki, hadisə zamanı iki nəfər - 1992-ci il təvəllüdlü Elçin Babayev və 2001-ci il təvəllüdlü İsmayıl Muradov əllərindən yüngül yanıq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.