İngiltərə Premyer Liqasında (APL) "Mançester Siti"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qrilişin evi qarət edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Sun yazıb.
Məlumata görə, dekabrın 27-də “Mançester Siti” səfərdə “Everton”la (3:1) oynayarkən, Qrilişin qohumları oyunu izləmək üçün onun yeni evinə toplaşıb. Baxarkən yuxarıda səs-küy və itlərin hürdüyünü eşidiblər.
Aralarında nişanlısı Saşa Attvud, valideynləri, nənəsi, iki bacısı və qardaşının da olduğu qohumlar qorxularından Qrilişin Milad bayramı öncəsi aldığı malikanədə gizləniblər. Polis hadisə yerinə gəlib.
Eyni zamanda, oğrular evi qarət etməyi bacarıb, onlar 1 milyon funt-sterlinq dəyərində saatlar və qızıl-zinət əşyaları özləri ilə aparıblar.
Polis araşdırmalarını davam etdirir.