Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu vəfat edib.
Bu barədə Ucnoqta.az-a DSX-dən bildirilib.
Qeyd edilib ki, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.