UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində paytaxtımızda keçirilən “Qarabağ” – “Nant” qarşılaşmasında qonaq komandanın davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Belə ki, sosial şəbəkələrdə oyunun birinci dəqiqəsində “Nant”ın ehtiyat oyunçular skamyasında çəkilmiş foto paylaşılıb. Həmin vaxt “Qarabağ” azarkeşləri şəhidlərimizin xatirəsini sükutla yad ediblər. UEFA tərəfindən rəsmi şəkildə sükuta icazə verilməsə də, azarkeşlərimiz öz təşəbbüsləri ilə qarşılaşmanın ilk dəqiqəsində şəhidlərimizə hörmət və ehtiram nümayiş etdiriblər.
Azarkeşlərin təşəbbüsü olsa da, “Nant”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular və baş məşqçi Antuan Kambuare də sükuta qoşulublar və ayağa qalxaraq ehtiramlarını nümayiş etdiriblər.///oxu.az